Novruz bayramının süfrə ənənələri

Kökləri zərdüştilik ənənələrinə gedib çıxan qədim Novruz bayramı, yazın gəlişi və təbiətin yenidən canlanması ilə əlaqəlidir. Bu mənim ən sevdiyim bayramdır və buna görə də bayram hazırlıqlarına xüsusi diqqət yetirirəm.

Hazırlıqlara evdə əsaslı təmizlik işləri ilə başlayır, lazımsız əşyaları tullayıram. Bu keçmişdən azad olma və yeni başlanğıca hazırlığı simvolizə edir.

Qədim ənələr üzrə bayram süfrəsi hazırlayarkən “S” hərfi ilə başlayan 7 simvolu unutmamalıyıq. Simuzər (güzgü), sikkə, su, səməni (cücərdilmiş buğda dənələri), sirkə, səbzi, sumax. Onlar il boyu firavanlıq, zənginlik və bərəkəti simvolizə edir.

Novruz yeni ilin astronomik başlanğıcıdır. Buna görə də, bizim ənənəvi bayram şirniyyatlarımız da astronomic cismlərlə əlaqəli simvolikaya malikdir. Belə ki, şəkərbura ayparanın, paxlava ulduzun, şorqoğalı çoxlu qatları ilə yer kürəsinin və kainatın təbəqələrini, ortasına narıncı xal qoyulan şəkərçörəyi isə günəşin qədim simvoludur.

Başqa bir maraqlı rəvayətdə isə, paxlavanın 12 qatının (bəzən 9 qatının) yerin atmosferinin təbəqələrini simvolizə etdiyi bildirilir.

Novruz süfrələrinin əsas bəzəklərindən olan rənglənmiş yumurtalar bir rəvayətdə yenidən doğulma/canlanma, başqa bir rəvayətdə isə Kainatın simvolu kimi təqdim olunur.

Bayram süfrələrini, şamlarsız təsəvvür etmək olarmı? Zərdüştilikdə od əsas sitayiş obyekti idi və insanlar inanırdılar ki, alov Tanrı və insanlar arasında vasitəçidir. Buna görə də, şamlar və onların alovu Novruz  süfrələrinin əsas elementlərindəndir.

Hər dəfə evdə çərşənbə süfrəsi bəzəyərkən, mən, yüzillər əvvəl əcdadlarımızın bu bayramı necə həvəslə gözlədiklərini təsəvvür edirəm. Elektrikin olmadığı dövrlərdə bir neçə şamın eyni anda yandırılaraq istifadə edilməsi olduqca bahalı bir iş olsa da, gecənin ortasında insanların evinə işiğı geri qaytarırdı. İldə 1-2 dəfə şirniyyatın əlçatan olduğu dövrlərdə  papağına qoz-fındıq, ləziz şirniyyat və noğullar doldurulan kənd uşağının sevincini təsəvvür edirəm. Gecə boyu çalışaraq, uşaqlarına bayram üçün yeni paltarlar tikən anaları təsəvvür edirəm.

Bizdən yüzillər öncə yaşamalarına baxmayaraq bu insanlar sanki bizim bir parçamızdır. Bütün bunlar – bizim tariximiz, iki minillik boyunca formalaşmış adət və ənənələrimiz dəyəri biçilməzdir və buna görə də, mən bu adətləri gələcək nəsillər üçün saxlamağa çalışıram.